“İdrak” liseyi Bakı filialında "Son zəng”
14.06.2018-ci il tarixində “İdrak” liseyi Bakı filialında "Son zəng” tədbiri keçirildi. Təntənəli mərasimdə liseyin rəhbərliyi, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, təhsil ekspertləri, incəsənət xadimləri, müəllimlər, valideynlər və başqa qonaqlar iştirak edirdilər.
Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov tədbir iştirakçılarını salamlayaraq başa çatan 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlərə görə təhsil ocağının bütün kollektivini təbrik etdi. O, yaxın günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıtda “İdrak” liseyinin 10 İllik yubileyinin təntənəli şəkildə qeyd olunmasından danışdı. “İdrak” liseyinin bir qrup müəlliminin “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanlarla təltif olunmasının müəllim əməyinə verilən yüksək dəyərin göstəricisi olduğunu vurğuladı. O, təhsil naziri Ceyhun Bayramova, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, ümumilikdə təhsilin inkişafına, o cümlədən də özəl məktəblərin tərəqqisinə şərait yaradan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
Mönsüm müəllim liseyin məzunlarını təbrik edərək ali məktəblərə qəbul imtahanlarında hər il olduğu kimi bu il də yüksək nəticələr arzuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək “İdrak” liseyinin rəhbərliyi və kollektivini bu əlamətdar gün münasibətilə təbrik etdi. O, “İdrak” liseyinin daim qabaqcıl təhsil müəssisəsi kimi tanındığını, ildən-ilə uğurlarının artdığını bildirdi, xoş arzularını çatdırdı.
Tədris ili ərzində təhsildə, ictimai işlərdə, olimpiada və yarışlarda uğur qazanan şagirdlər, onların üzərində xüsusi əməyi olan müəllimlər Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olundular.
Tədbirin bədii hissəsində liseyin şagirdlərinin hazırladıqları müxtəlif səhnəcik, mahnı və rəqs nömrələri, Azərbaycan Respublikasının Əməkdar Artistləri İlqar Sail, Feruz Səxavət və digər qonaqların ifaları tədbirə xüsusi rəng qatdı. Məzunlarının ali məktəblərə qəbulunda hər il 100 faiz nəticə göstərən “İdrak” liseyi növbəti tədris ilini də uğurla başa vurdu.