Orta və Tam orta təhsil
Orta təhsil milli və beynəlxalq tədris ənənələri əsasında, həmçinin müasir təlim metodlarını tətbiq etməklə aparılır. Orta təhsilin məqsədi şagirdlərdə kommunikativ bacarıqların, şifahi və yazılı nitq vərdışlərinin formalaşdırılmasını, idraki fəallığın gücləndirilməsini təmin etməkdir. Bundan başqa orta təhsil pilləsində şagirdlər Azərbaycanın və digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti, təbiəti, sosial-iqtisadi imkanları və inkişafı, ayrı – ayrı ölkələrin bəşəri sivilizasiyasının yaranmasındakı rolu haqqında məlumatlara malik olmaq imkanı qazanırlar. Onlarda təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə aparmaq, İKT – dən istifadə, müxtəlif mənbələrlə işləmək, hadisələri və mahiyyətləri dəyərləndirmək, problemləri həll etmək bacarıqları formalaşdırılır.
Əsas təhsil pilləsində “Ana dili” , “Azərbaycan dili” (rus və ingilis bölmələrində) dövlət dili kimi , “Ədəbiyyat” , xarici dil (rus və ingilis) , Riyaziyyat, “Məntiq” , “İnformatika” , “Azərbaycan tarixi” , “Ümumi tarix” , “Fizika” , “Kimya” , “Biologiya” , “Coğrafiya” , “Həyat bilgisi” , Texnologiya, Fiziki tərbiyə, Musiqi, Təsviri incəsənət fənləri tədris olunur. Liseydə hər bir şagirdin qabiliyyətinə , yaş səviyyəsinə uyğun olan özəl pedaqoji yanaşma müşahidə olunur.
Belə ki, bütün əsas fənlər üzrə mükəmməl şəkildə tərtib edilmiş və gücləndirilmiş tədris proqramları əsasında dərslər keçirilir. İl ərzində bir neçə dəfə diaqnostik (ilin əvvəlində) , formativ və summativ yoxlamalar keçirilir. Yoxlamalar beynəlxalq və milli qiymətləndirmə meyarlarına əsasən aparılır. Orta təhsildən tam orta təhsilə keçid mərhələsi olan 9 – cu sinif şagirdlərinin buraxılış imtahanlarında uğur qazanması üçün ana dili, riyaziyyat və ingilis dilindən əlavə məşğələlər keçirilir. Tam orta təhsildə məqsəd ali məktəbə hazırlığın yüksək səviyyəsində keçirilməsidir. 10 – 11 – ci sinif şagirdləri seçdikləri ixtisasa uyğun, həm də onların bilik səviyyələri nəzərə alınmaq şərtilə tam orta təhsil proqramını mənimsəyirlər.