“Media dərs” haqqında tədbir (28 dekabr 2017-ci il)
28 dekabr 2017-ci il tarixində “Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi” -Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr”-in yerinə yetirilməsi istiqamətində, Dövlət və özəl təhsil müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində “İKT-dən tədris prosesində istifadə təcrübəsi”mövzusunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrəTəhsil İdarəsinin F. Rəfiyev adına 166 nömrəli məktəb-liseyində “İdrak” liseyi tərəfindən hazırlanmış təqdimat mərasimi keçirildi.
Tədbir dövlət himnimizin səsləndirilməsi ilə başladı. Tədbirin aparıcısı Orxan Cabbarlı qeyd etdi ki, müasir dövrdə təhsilin yeniləşməsi günümüzün ən vacib tələblərindən biridir. Hazırda ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin yüksək səviyyədə təşikilinə nail olmaq üçün yeni təlim texnalogiyalarından və resurslarından istifadə sahəsində ən öndə olan təhsil müəssisələrindən biri də “İdrak” liseyidir.
2008-ci ildə Sumqayıtda, 2015-ci ildən isə Bakıda da fəaliyyət göstərən və yarandığı ilk gündən daim yeniliklərə və müasirliyə doğru inamlı addımlayaraq yüksək nəaliyyətlər əldə edən «İdrak» liseyinin daha bir yeniliyi “ Media dərs” layihəsidir.
Daha sonra “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxış edərək “Media dərs” haqqında tədbir iştirakçılarına məlumat verdi. O bildirdi ki, “İdrak” liseyində İKT vasitəsilə hazırlanmış bütün dərslər (”Media dərslər”) “ağıllı lövhə”lərdə yazılır və liseyin yaddaş bazasında saxlanılır. Hər bir şagird onlara verilmiş xüsusi kodlarla evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlər tərəfindən keçirilən mövzuların izahına təkrar baxmaq və dinləmək imkanı əldə edə bilirlər.
Liseydəki bu “Media dərs” bazasından şagirdlərimizin istifadə etməsi, onlarda dayanıqlı yaddaşın formalaşması şagirdlərimiz üçün faydalı olmaqla yanaşı, yetişməkdə olan gənc nəslin bilikli, bacarıqlı və intelektli olmaları üçün əvəzedilməz şəraitin yaradılması deməkdir. Bu layihənin liseydə tətbiqi həm “45 dəqiqəlik dərs” məhdudiyyətini, həm də zaman və məkan problemini aradan qaldırır.
O vurğuladı ki, “İdrak” liseyində tətbiq olunan bu qabaqcıl təcrübənin F.Rəfiyev adına 166 nömrəli məktəb-liseydə də tətbiq edilməsinə böyük ehtiyac var. “İdrak media dərsləri”ndən digər dövlət təhsil müəssisələrinin şagirdlərinin də istifadə etməsinə məmnuniyyətlə yardım ediləcəkdir. O, inamını ifadə etdi ki, bu layihədən istifadə etmək respublikamızın ümumtəhsil məktəblərində təhsilin yeni pilləsinin formalaşmasına və inkişafına imkan verəcəkdir.
Sonra “İdrak” liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramlarından istifadə etməklə dərs nümunələri təqdim etdilər və bir neçə “Media dərs” nümayiş etdirdilər. Şagirdlərin bu dərslərdən istifadə etmələrini əks etdirən videoçarxlar nümayiş etdirildi.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeir və musiqi nömrələri təqdim edildi.
Daha sonra çıxış edənlər prof. Şahlar Əsgərov, prof. Əziz Məmmədov, BŞTİ müdir müavini prof.Hüseyn Əsgərov, təhsil eksperti Nadir İsrafilov, Bakı Elm Təhsil Mərkəzinin prezidenti Fərahim Sadıqov və başqaları bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, təhsil sahəsinə olan dövlət qayğısından danışdılar, “İdrak” liseyinin hər zaman mütərəqqi təlim üsulları və qabaqcıl texnologiyaları ilə seçidliyini vurğuladılar. BŞTİ müdir müavini Hüseyn Əsgərov “İdrak” liseyinin təkcə bu məktəblə deyil, Bakı şəhərinin digər məktəblərilə də əməkdaşlıq etməsini arzuladı.
Sonda F. Rəfiyev adına 166 nömrəli məktəb-liseyin direktoru Şəmsi Qocayev mçıxış edərək prof. Mönsüm Alışova bu cür əməkdaşlığa, tədbirin məhz Qaradağ rayonunda yerləşən bu məktəbdə keçirildiyi üçün minnətdarlığını bildirdi. O qeyd etdi ki, təməli “İdrak” liseyi tərəfindən qoyulmuş özəl məktəblərlə dövlət məktəbləri arasında bu cür əməkdaşlıq gələcəkdə də davam etdirilməli olan nümunəvi addımdır. O, hamını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi və hamını həmrəy olmağa, dövlət başçısı cənab İlham Əliyev ətrafında sıx birləşərək ölkəmizin inkişafı naminə çalışmağa çağırdı.