Mönsüm Alışovun 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki
"İdrak" liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki. Biz “İdrak” liseyi olaraq hamımız fəxr edirik ki, şərəfli müəllim adını layiqincə daşıyırıq. “İdrak” liseyi yarandığı gündən etibarən daim mütərəqqi təhsil üsulları, ən müasir informasiya - kommunikasiya texnologiyalarına əsaslanan təlim mühiti, təhsil sahəsində baş verən yenilikləri uğurla tətbiq edən təhsil müəssisəsi kimi səciyyələnir. Heç şübhəsiz ki, liseyimizin əldə etdiyi nailiyyətlər həm də dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən böyük diqqət və qayğının, yaradılmış şəraitin sayəsində mümkün olmuşdur.
Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan müəllimlərin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir.
Təbii ki, bizim üçün ən böyük mükafat vətənimiz üçün layiqli övladlar yetişdirmək, bilikli, geniş dünyagörüşünə malik, vətənpərvər gənclər böyütməkdir. Bu gənclərin Azərbaycanın gələcəyi naminə əldə etdikləri uğurlarına sevinməkdir.
“İdrak” liseyi yarandığı gündən etibarən Respublikanın ən nüfuzlu, ən qabaqcıl müəllimlərinin çalışdığı təhsil müəssisəsi olmuşdur. Həm Sumqayıt, həm də Bakı filiallarımızda əldə etdiyimiz 100% nəticə, hər il məzunlarımızın hamısının yüksək ballarla tələbə adını qazanmaları məhz siz müəllimlərin böyük əməyi sayəsində mümkün olmuşdur.
Hörmətli müəllimlər, sizi 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, uzun ömür, bu şərəfli işinizdə böyük uğurlar arzu edirəm! Hər birinizə öz vəzifənizi fədakarlıqla, vicdanla yerinə yetirdiyinizə görə böyük minnətdarlığımı bildirirəm!