İbtidai təhsil uşağın məktəb həyatına uyğunlaşdığı, əsas bilik və bacarıqlara yiyələndiyi, öyrənməyə münasibətinin formalaşdığı mühüm mərhələdir. İdrak Liseyində bu mərhələdə əsas məqsədimiz şagirdlərə möhkəm bilik təməli qazandırmaqla yanaşı, onların maraq və bacarıqlarını üzə çıxarmaq, özünəinamını gücləndirmək və öyrənməyə həvəsini artırmaqdır.
Liseyimizdə ibtidai təhsil səviyyəsində tədris Azərbaycan, rus və ingilis dillərində təşkil olunur. Tədris prosesi Azərbaycan Respublikasının dövlət təhsil standartları və müasir təhsil yanaşmaları əsasında həyata keçirilir. Dərslərin təşkilində şagirdlərin yaş xüsusiyyətləri, fərdi ehtiyacları və mənimsəmə tempi nəzərə alınır. Hər bir uşağın özünü rahat ifadə edə bildiyi, sual verməkdən çəkinmədiyi və öyrənmə prosesində fəal iştirak etdiyi dəstəkləyici mühitin yaradılmasına xüsusi əhəmiyyət verilir.
Təlim prosesində fəal və interaktiv metodlardan, fərdi və qrup işlərindən, araşdırma və yaradıcı tapşırıqlardan geniş istifadə olunur. Şagirdlər hazır məlumatı mənimsəməklə kifayətlənmir, müşahidə aparmağı, müqayisə etməyi, suallar verməyi və nəticə çıxarmağı öyrənirlər. Dərslərin gündəlik həyatla əlaqələndirilməsi onların öyrəndiklərini daha yaxşı anlamasına və müxtəlif vəziyyətlərdə tətbiq etməsinə kömək edir. Oxu, yazı və riyazi bacarıqlarla yanaşı, məntiqi və yaradıcı təfəkkürün inkişafı da diqqət mərkəzində saxlanılır.
Tədrisdə informasiya-kommunikasiya texnologiyalarından və elektron resurslardan məqsədyönlü şəkildə istifadə edilir. Rəqəmsal materiallar mövzuların daha əyani və anlaşıqlı təqdim olunmasına, dərslərin maraqlı və səmərəli təşkilinə imkan yaradır. Tədris materiallarının elektron formada arxivləşdirilməsi şagirdlərin mövzuları təkrar etməsini asanlaşdırır, valideynlərə isə övladlarının öyrənmə prosesini izləmək imkanı verir.
Şagirdlərin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün təqdimatlar, müzakirələr, dəyirmi masalar və müxtəlif yaradıcı fəaliyyətlər təşkil olunur. Bu fəaliyyətlər uşaqlara fikirlərini aydın və ardıcıl ifadə etməyi, başqalarını diqqətlə dinləməyi, fərqli fikirlərə hörmətlə yanaşmağı və kollektivdə əməkdaşlıq etməyi öyrədir. Mütaliəyə marağın artırılması məqsədilə oxu günləri və oxu aylıqları keçirilir, kitablar və müxtəlif əsərlər ətrafında müzakirələr aparılır. İnşa və digər yaradıcı yazı müsabiqələri isə şagirdlərin təxəyyülünü və yazılı ifadə bacarıqlarını inkişaf etdirir.
İbtidai təhsil dövründə uşaqların sosial və emosional inkişafına da xüsusi diqqət yetirilir. Birgə fəaliyyətlər vasitəsilə şagirdlər məsuliyyətli olmağı, paylaşmağı, qarşılıqlı dəstək göstərməyi və üzərlərinə götürdükləri işi tamamlamağı öyrənirlər. Əlamətdar və tarixi günlərə həsr olunan tədbirlər onların milli-mənəvi dəyərlərimizlə tanışlığına, vətənə bağlılıq və mədəni irsimizə hörmət hissinin güclənməsinə xidmət edir.
İdrak Liseyində ibtidai təhsilə uşağın gələcək inkişafının təməli kimi yanaşırıq. Məqsədimiz məktəbə həvəslə gələn, öyrənməkdən zövq alan, düşüncələrini sərbəst ifadə edən və təhsilin növbəti mərhələsinə inamla keçən şagirdlər yetişdirməkdir.
Həmişə aktiv