Təsisçi
Professor Mönsüm Ədil oğlu Alışov
“İdrak” liseyinin yaradıcısı və təsisçisi, tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim, pedaqoji elmlər doktoru.
1954-cü ildə Qubadlının Çərəli kəndində anadan olub. 1971-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətinə elektrik montyoru kimi başlayıb.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə qəbul olunub. 1976-cı ildə institutu bitirərək təyinatla Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə göndərilib və müəllimlik fəaliyyətinə doğulub boya-başa çatdığı Çərəli kənd orta məktəbində başlayıb.
1980-ci ildə Sumqayıt şəhərinə köçərək orada Üzvi Sintez İstehsalat Birliyində mühəndis, mühəndis-riyaziyyatçı, Sumqayıt şəhər Maarif Şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12 saylı orta məktəbdə informatika müəllimi vəzifələrində çalışıb.
1988-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub. Artıq 1990-cı ildə həmin İnstitutunun Təlimin Texniki Vasitələri şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.
1992-ci ildə onun təşəbbüsü ilə Sumqayıt Pedaqoji Seminariyası təsis edilib. Seminariya sonradan “Sumqayıt Özəl Orta İxtisas Kolleci” adlandırılıb və profili genişləndirilib.
2001-ci ildə “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda elmi işini müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yüksəlib.
Ümumtəhsil məktəblərində kompüter texnikasından, fizika və riyaziyyat fənlərinin tədrisi zamanı “problemli-modullu təlim” texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasının nəzəri əsaslarını hazırlayıb.
Respublikamızın məktəblərində informatika fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədilə müxtəlif illərdə 60-dan çox elmi-publisistik məqaləsi cap olunub. 2 monoqrafiyanın, 10 dərs vəsaiti və bir sıra metodik vəsaitlərin müəllifi və həmmüəllifidir. Əsərlərinə görə 2008- ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib. “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını rəhbər tutan liseydə yüksək hazırlıqlı müəllimlər çalışır.
2009–2016-cı illərdə eyni zamanda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin institutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professor olub.
2013-cü ildə “Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər doktoru adını alıb. Bu elmi tədqiqat işi ilk dəfə olaraq həndəsənin hazırlıq kursu məzmununun sisteminə, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının informasiya - kommunikasiya texnologiyalarının kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.
Onun təsis etdiyi “İdrak” liseyi iş sistemi və dinamik inkişafa malik mexanizmi sayəsində özünə olan tələbatı tezliklə artıraraq Sumqayıt şəhərinin sərhədlərini aşıb. 2014- cü il sentyabırın 15-də “İdrak” liseyinin Bakı filialı fəaliyyətə başlayıb.
Yalnız “İdrak” liseyində tətbiq olunan innovativ layihə olan “Media dərslər”in müəllifidir. “Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Beləliklə, həm öyrədənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. “Media dərslər” layihəsi 2016-cı ildən etibarən “İdrak” liseyində uğurla tətbiq olunur.
M. Alışov ailəlidir, 4 övladı var.
Aşağıda “İdrak” liseyinin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışovun müəllifi və ya həmmüəlifi olduğu elmi əsərlərin adları ilə tanış ola bilərsiniz:
|