Sumqayıt “İdrak” liseyində “Bilik Günü” qeyd edildi.
Dövlət himninin sədaları altında dövlət bayrağı və “İdrak” liseyinin bayrağı qaldırıldı. Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi , pedaqoji elmlər doktoru professor Mönsüm Alışov şagirdləri və valideynləri, müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. İlk dəfə məktəbə qədəm qoyan şagirdlərə yeni başladıqları dərs ilində uğurlar arzuladı. O, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri böyük diqqət nəticəsində bu sahədə baş verən inkişafdan bəhs etdi.
Mönsüm müəllim həmçinin yola saldığımız dərs ilindəki nailiyyətlərdən danışdı. O, qeyd etdi ki, “İdrak” liseyinin məzunları hər il olduğu kimi yenə də 100% qəbul nəticəsi göstərərək respublikamızın ən nüfuzlu universitetlərinin tələbəsi adını qazanmışlar. Belə ki, məzunlarımızdan Sadatlı Ləman (679 bal) Azərbaycan Dillər Universitetinin Filologiya, Əzizova Samirə (662 bal) Azərbaycan Dillər Universiteti Tərcüməçilik, Şəmilov Rəhman (585 bal) Bakı Dövlət Universiteti Hüquq, Əlkərəmov Murad (550 bal) Naxçıvan Dövlət Universiteti Hüquq fakültəsinə və s. qəbul olunmuşlar. Bu məzunlar ibtidai sinifdən Sumqayıt “İdrak” liseyində təhsil almışlar. Heç şübhəsiz ki, bütün bunlar “İdrak” liseyində çalışan yüksək peşəkarlığa malik, istedadlı və qabaqcıl müəllimlərin ardıcıl işinin nəticəsidir.
Məzun Sadatlı Ləmanın valideyni Şəfiqə xanım çıxış edərək rəhbərliyə və pedaqoji kollektivə təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən Sumqayıt Təhsil Şöbəsinin müdiri dosent Nizami Namazov , millət vəkili Tahir Rzayev və tanınmış təhsil eksperti Nadir İsrafilov başda Mönsüm müəllim olmaqla liseyin müəllim-şagird kollektivini təbrik etdilər və bu liseyin nəinki Sumqayıt şəhərinin eləcə də Respublikanın sayılıb-seçilən, qabaqcıl təhsil müəssisəsi olduğunu vurğuladılar.
Daha sonra liseyin şagirdlərinin ifasında maraqlı rəqslər, mahnılar, şeirlər təqdim edildi.
Qeyd olundu ki, Təhsil Naziri Mikayıl Cabbarovun sərəncamına əsasən gənclərə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə liseydə ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaqdır. Tədbirə dəvət olunmuş incəsənət nümayəndələri tərəfindən vətənpərvərlik mövzusunda musiqilər təqdim edildi.
Sonda ilk zəngin çalınması ilə yeni dərs ili başladı.